Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli təlimlərin keçirilməsini məqsədəuyğun hesab edirlər. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə müdafiə naziri Zakir Həsənov qeyd edib.
“Bu gün biz, Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirləri üçtərəfli formatda ilk görüşümüzü keçirdik. Bu formatda danışıqların genişləndirilməsi və müdafiə nazirlərinin üçtərəfli görüşlərinin hər il növbə ilə Azərbaycanda, Gürcüstanda və Türkiyədə keçirilməsi, əməkdaşlığımızın gedişatının müzakirə edilməsi və gələcək perspektivlərin müəyyənləşdirilməsi barədə qərar qəbul etdik”, - deyə Z.Həsənov Naxçıvanda üçtərəfli görüşün yekunlarına dair brifinqdə vurğulayıb.
Nazirin sözlərinə görə, görüş zamanı regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri, bölgədə sabitliyin təmin edilməsi yolları müzakirə edilib.
Z.Həsənov qeyd edib ki, görüşdə üç dost-qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi vurğulanıb, bu formatda münasibətlərimizin gələcək perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran istiqamətlər barədə geniş fikir mübadiləsi aparılıb.
“Üç ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, birgə seminar və konfransların təşkil edilməsi, hərbi təhsil və hərbi-texniki sahələrdə əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfli təlimlərin keçirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi üçün üç ölkə mütəxəssislərinin ekspert görüşlərinin təşkil edilməsi məqsədəuyğun hesab olunub”, - deyə Azərbaycanın müdafiə naziri bildirib.
R.Babayev