BMT Təhlükəsizlik Şurası Tehranla bağlı sanksiyaları aradan qaldırmayana qədər İranın nüvə probleminə dair heç bir razılıq əldə olunmayacaq. Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.
““Beş üstəgəl bir” qrupu (BMT TŞ-nin 5 daimi üzvü və Almaniya - İF) bilməlidir ki, həmin qrupa daxil olan ölkələr İrana qarşı sanksiyaların aradan qaldırılmasına dair öhdəlikləri yerinə yetirməyənə qədər heç bir razılıq qüvvəyə minməyəcək”, - deyə C.Zərif jurnalistlərə bildirib.
İlkin qrafikə əsasən, beynəlxalq vasitəçilər və İran iyulun 20-dək ölkənin nüvə proqramının yalnız dinc xarakterli olmasına zəmanət verən hərtərəfli saziş üzərində işi başa çatdırmalı idilər. Lakin iyulda tərəflər mövcud fikir ayrılıqlarına görə sənədi qeyd olunan tarixə qədər hazırlaya bilmədilər. Danışıqların altıncı raundunun yekunları üzrə vasitəçilər və İran sazişin hazırlanması müddətini noyabrın 24-dək uzatmağı qərara alıblar.
İranın nüvə probleminə dair tamformatlı danışıqların sentyabrın ortalarında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində bərpa ediləcəyi güman olunur.