Gürcüstan Azərbaycanı və Türkiyəni özünün strateji tərəfdaşları hesab edir. “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosunun məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya bəyan edib.
“Gürcüstan Azərbaycan və Türkiyə kimi strateji tərəfdaşların yanında olmasından çox xoşbəxtdir”, - deyə İ.Alasaniya çərşənbə axşamı 3 ölkənin müdafiə nazirlərinin Naxçıvanda keçirilən üçtərəfli görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir Naxçıvanda olmasından məmnunluq ifadə edib. O qeyd edib ki, azərbaycanlı və türkiyəli həmkarları ilə görüşdə bir sıra mühüm məsələlər müzakirə edilib.
“Görüşlərimiz zamanı biz bu regionun ayrılmaz hissəsi olan və bu ölkələr üçün çox mühüm əhəmiyyət kəsb edən iqtisadi layihələrin təhlükəsizliyinin təminatı məsələsini müzakirə etdik. Həqiqətən də biz bir-birimizlə sıx əməkdaşlıq etməli və regionun təhlükəsizliyinin təmin edilməsi üçün birgə səy göstərməliyik”, - deyə İ.Alasaniya qeyd edib.
Onun sözlərinə görə, üçtərəfəli formatda keçirilən görüşün əsas məqsədi regionda sülh və sabitliyin inkişafı məsələlərinin müzakirəsi olub.
“Digər tərəfdən görüş üç ölkənin əməkdaşlığı və iqtisadi əlaqələri necə möhkəmləndirməsi və inkişaf etdirməsinin nümayişinə yönəlmişdi. Biz bir-birimizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir və mövcud münaqişələrin sülh yolu ilə həllinə çalışırıq”, - deyə Gürcüstanın müdafiə naziri vurğulayıb.
Q.Hüseynova