Barışıq pozulandan sonra İsrail Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində Qəzza zolağında ən azı 9 nəfər həlak olub. Bu barədə çərşənbə günü BBC telekanalı Fələstin həkimlərinə istinadən məlumat verir.
Çərşənbə axşamı 3, çərşənbə günü səhər 6 nəfər həlak olub. 50 nəfərə yaxın fələstinli isə yaralanıb.
Məlumatda deyilir ki, həlak olan 2 qadının “HƏMAS” hərəkatının hərbi qanadının komandirlərindən biri olan Məhəmməd Deyfin həyat yoldaşı və qızı olduğu ehtimal olunur.
İsrailin müdafiə ordusundan verilən məlumata görə, barışıq pozulan vaxtdan Qəzza zolağından ölkə ərazisinə 70-ə yaxın raket və minaatan mərmisi buraxılıb.
Xəbər verildiyi kimi, bazar ertəsi axşam İsrail və fələstinlilər Qəzzada beşgünlük barışığı daha 24 saat uzatmağa dair razılığa gəliblər. Lakin çərşənbə axşamı bu müddətin bitməsinə bir qədər qalmış Qəzzadan hava hücumu yenidən başlayıb. “HƏMAS” bu atışmaya aidiyyəti olmadığını bəyan edib. İsrail isə hərbi əməliyyatın bərpa edildiyini bəyan edib.