Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin qeyd edilməsi barədə sərəncam imzalayıb.
Sənəddə Azərbaycanda maarifçilik hərəkatının və ədəbiyyatının inkişafında Məhəmməd Tağı Sidqinin böyük xidmətlərinin olduğu bildirilir.
“1854-cü ildə Ordubad şəhərində anadan olan Məhəmməd Tağı Sidqi ilk təhsilini buradakı mədrəsədə alıb, klassik şərq poeziyasını və fəlsəfəsini öyrənib.
Azərbaycanda milli və dünyəvi məktəbin, maarifçilik hərəkatının inkişafına mühüm töhfələr verən, xalq müəllimi kimi böyük şöhrət qazanan Məhəmməd Tağı Sidqi 1892-ci ildə Ordubadda yeni tipli “Əxtər” məktəbi yaradıb, 1894-cü ildə Naxçıvanda “Tərbiyə” məktəbinin əsasını qoyub”,- deyə sənəddə vurğulanır.
Sərəncamda, həmçinin M.T.Sidqinin Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlər qeyd edilir.
“Ədəbi-mədəni tədbirlərin əsas təşkilatçılarından olan, həvəskar aktyor dəstəsi yaradan və ona rəhbərlik edən böyük pedaqoq və maarifçi bu yolla milli teatrın imkanlarını xalqın maariflənməsinə, ictimai-mədəni tərəqqiyə cəlb etməyə çalışıb”,- deyə deyə sənəddə bildirilir.
Həmçinin qeyd olunur ki, Məhəmməd Tağı Sidqi dövrünün bir sıra mütərəqqi qəzetləri ilə yaxından əməkdaşlıq edib, bu qəzetlər üçün publisistik materiallar hazırlayıb, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, xalqımıza xas olan yüksək əxlaqi keyfiyyətləri təbliğ edib.
Məhəmməd Tağı Sidqinin məktəb işinin və maarifçiliyin, eləcə də ədəbiyyatımızın və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlərini nəzərə alaraq onun 160 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında geniş qeyd edilməsi, “Görkəmli pedaqoq, maarifçi və şair Məhəmməd Tağı Sidqinin 160 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın hazırlanması və təsdiq edilməsi barədə göstəriş verilib.
Q.Hüseynova