Andorranın birinci baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Oskar Ribas Rayq dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığını daha dərindən öyrənmək məqsədilə Gəncədədir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Gəncə şəhər İcra Hakimiyyətində keçirilən görüşdə dünya mədəniyyətinə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi dühalar bəxş edən Gəncə barədə qonağa məlumat verilib.
“Mən Gəncə şəhərinin inkişafına heyran qaldım. Buna görə də mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olduğum üçün qürur duydum. Təbii ki, bir tədqiqatçı kimi məqbərənin tarixi haqda məlumatım var idi, həyat yoldaşım əslən iranlıdır”, - deyə O.Rayd bildirib.
O deyib ki, buna baxmayaraq, Nizami Gəncəvinin Azərbaycan əsilli olub, fars şairi kimi təqdim edilməyinin qəti əleyhinədir.
Nizami Gəncəvinin məqbərəsi və muzeyini ziyarət edən sabiq baş nazir şairin dünyanın müxtəlif ölkələrindən gətirilən əlyazmaları ilə tanış olub.
O, Heydər Əliyev Mərkəzində Avropa Gənclər Parlamentinin yığıncağında məruzə ilə çıxış edib.
F.Mehdiyev