Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayana qədər Türkiyə Ərdoğanın prezidentliyi dövründə də bu ölkə ilə sərhədləri bağlı saxlayacaq. Bu barədə türkiyəli ekspert Kamer Kasım bəyan edib.
“Dağlıq Qarabağ problemi həll olunmayana qədər Türkiyə bağlı sərhəd siyasətini davam etdirəcək. Türkiyə 1993-cü ildə erməni qoşunlarının Azərbaycanın Kəlbəcər rayonunu işğal etməsindən sonra sərhədi bağlayıb. Və Qarabağ problemi həll olunmadan sərhədin açılması Türkiyənin mövqeyinə zidd olardı”, - deyə o, “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Ekspertin sözlərinə görə, Qarabağ münaqişəsində status-kvo davam edə bilməz və “dondurulmuş münaqişə”lər tammiqyaslı müharibəyə çevrilmək riskinə malikdir. “Münaqişənin həllinin birinci mərhələsi Madrid prinsiplərinin reallaşdırılmasıdır. Bunun üçün Ermənistana real təzyiq göstərmək lazımdır”, - deyə K.Kasım vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış ola bilərsiniz
F.Hüseynzadə