Milli Məclisin deputatı Rasim Musabəyov bildirir ki, Bakı Avrasiya İttifaqına inteqrasiyanı özü üçün faydalı hesab etmir.
“Bu strukturun formalaşması prosesi asanlıqla baş vermir. Azərbaycan Avrasiya İttifaqına inteqrasiya prosesinə qoşulmaqda birbaşa iqtisadi fayda görmür. Bu, siyasi seçim məsələsi deyil, bu, iqtisadi məqsədyönlülük məsələsidir”,- deyə R.Musabəyov Rusiya-Azərbaycan münasibətləri: möhkəmlənmə kursu” mövzusunda Moskva-Bakı videokörpüsü zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
“Biz görürük ki, Rusiya Federasiyası ilə Belarus və RF ilə Qazaxıstan arasındakı sənaye kooperasiyasının səviyyəsi kifayət qədər yüksəkdir. Azərbaycan sənayesi ilə Rusiyanın kooperasiyasının səviyyəsi 2%-dən azdır”,-deyə deputat qeyd edib.
O deyib ki, Azərbaycan-Rusiya iqtisadi münasibətləri indiyə qədər bir zamanlar eks-prezident Boris Yeltsin tərəfindən tətbiq edilmiş “Azərbaycanla məhdud iqtisadi əlaqələr” siyasətinin nəticələrinin əziyyətini çəkir.
R.Musabəyov, həmçinin söyləyib ki, əgər Rusiyanın kommunikasiya xətləri Belarusdan, Qazaxıstanın kommunikasiya xətləri Rusiyadan keçərək Avropaya çıxırsa, Azərbaycanın kommunikasiya xətləri Gürcüstan vasitəsilə Türkiyəyə çıxır.
“Boru kəmərləri, avtomobil və dəmir yollarını nəzərdə tuturuq. Bu mənada Azərbaycan üçün hansısa fayda görünmür. Aydın məsələdir ki, bizim üçün Rusiya vacib tərəfdaşdır. Lakin mən istərdim ki, biz rəqəmləri də görək. Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 5%-dən azdır. Bu da bir reallıqdır. Bəli, Rusiya vacib tərəfdaşdır, lakin ən üstün tərəfdaş deyil”,- deyə deputat vurğulayıb.
“Buna görə də biz Avrasiya İttifaqına inteqrasiya məsələsini maraqla müşahidə edirik. Biz başa düşürük ki, əgər bu format alınsa, biz yalnız Rusiya, Belarus və Qazaxıstanla ikitərəfli çərçivədə deyil, həm də Avrasiya İttifaqı ilə iqtisadi münasibətlər qurmalı olacağıq. Bununla belə əgər sabah Ermənistan Avrasiya İttifaqına üzv olsa, biz bu ittifaq tərkibində Ermənistanla münasibətlər qurmayacağıq”,- deyə R.Musabəyov qeyd edib.
F.İsazadə