Azərbaycan Ermənistana Bakıda saxlanılan erməni ailəsini iyulun əvvəlində girov götürülən Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əsgərovla dəyişməyi təklif edib. Bu barədə jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.
“Biz Ermənistan tərəfinə son dəfə təklif etdik. Bizdə 5 nəfərlik erməni ailəsi (Gevorkyan - İF-Az) və bu yaxınlarda ölmüş təxribatçının (Karen Petrosyan) meyiti saxlanılır. Biz erməni ailəsini azərbaycanlı girovlarla, təxribatçının meyitini isə Həsən Həsənovun (Kəlbəcərdə öldürülüb - İF-Az) meyiti ilə dəyişməyi təklif etmişik”,- deyə Ə.Həsənov bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfi girovları qaytarmaqdan imtina edir və yalnız meyitləri dəyişməyə razılıq verir.
“Dünən Beynəlxalq Qızıl Xaç Komitəsindən bizə bildirilib ki, ermənilər yalnız meyitləri dəyişmək istəyirlər, onlar girovları dəyişmək niyyətində deyillər”,- deyə komitə sədri qeyd edib.
“Bu prosedur kompleks xarakter daşımalıdır. Başqa təklifləri biz qəbul etməyəcəyik”.- deyə o əlavə edib.
Gevorkyan ailəsi 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçərək üçüncü ölkəyə getmək istədiyini bildirib.
Karen Petrosan avqustun 7-də Azərbaycan Silahlı Qüvvələrinin antitəxribat əməliyyatları zamanı əsir götürülüb. Avqustun 8-də o, kəskin ürək-damar çatışmazlığından ölüb.
Üç azərbaycanlı - Şahbaz Quliyev (həyat yoldaşı RF vətəndaşıdır), Dilqəm Əsgərov (RF vətəndaşıdır) və Həsən Həsənov bu ilin iyul ayının əvvəlində Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonu ərazisində əsir götürülüb. Bir neçə gün sonra əsirlərdən birinin - Həsən Həsənovun erməni əsgərlər tərəfindən öldürülməsi barədə məlumat yayılıb.
Ermənistanın informasiya resursları əsirlərin və öldürülən şəxsin Azərbaycanın kəşfiyyat-təxribat qrupunun üzvləri olduğunu bildirir.
Öz növbəsində Azərbaycanın Müdafiə Nazirliyi yuxarıda adlıarı çəkilən şəxslərin respublikanın Silahlı Qüvvələrinə aiddiyyətinin olmadığını bildirərək Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
F.İsazadə