Şəmkirin 20 məktəbində təmir işləri aparılıb, Samuxda isə kadr problemi aradan qaldırılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Bu günədək 13 məktəb təmir olunub, daha 7 məktəbdə təmir işləri davam etdirilir. Bundan başqa, yaxın bir həftə ərzində Nizami Gəncəvi adına şəhər məktəbinin inşasına başlanacaq”, – deyə Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Cəlal Hüseynov məlumat verib.
Onun sözlərinə görə, Şəmkir rayonunda yeni tədris ilində 3 minə yaxın şagird birinci sinifə gedəcək. Ümumilikdə rayonun 79 məktəbində 30 mindən artıq şagird təhsil alır və 3374 müəllim çalışır.
“Artıq 91 adda 78,211 min ədəd dərslik məktəblərə paylanılıb. Bundan başqa, bir sıra təhsil müəssisələrinə 40 ədəd kompüter dəsti və 1000 inventar verilib”, – deyə o bildirib.
C.Hüseynov, həmçinin qeyd edib ki, Samuxda kadr probleminin həlli çərçivəsində 7 min müəllim işə qəbul olunub. “Lakin bir sıra məktəblərdə hələ də vakant yerlər var”, - deyə o vurğulayıb.
Samux rayonunda 35 məktəb fəaliyyət göstərir, burada 1103 müəllim çalışır və 7611 şagird təhsil alır. 850 uşaq isə birinci sinifə gedəck.
F.Mehdiyev