Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bu ölkənin müdafiəsi üçün Ukrayna vətəndaşlarının beynəlmiləl qurumlara birləşməsinin tərəfdarıdır.
“Bəziləri azərbaycanlılardan ibarət könüllülər balayonunun yaradılmasına çağırır. Lakin mən milliyyətindən asılı olmayaraq Ukraynanın bütün sakinlərinin bu gün dövlətləri üçün məqamın vacibliyini və məsuliyyətini dərk edərək Ukraynanın müdafiəsi üçün hansısa beynəlmiləl strukturlara birləşməsinin tərəfdarıyam”, - deyə R.Tağıyev “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Konqresin sədri qeyd edib ki, o, Ukrayna vətənpərvərlərinin etnik mənsubiyyətə görə bölünməsinə qarşı çıxış edir.
“Şəxsən mən hansısa etnik qruplara bölünmənin əleyhinəyəm. Ukraynanın hər bir vətəndaşı, vətənpərvəri milliyyətindən asılı olmayarq bu barədə düşünməlidir. Bu cür bölünməyə və hansısa etnik qrupların yaradılmasına gəlincə isə, bu, xarici qüvvələrin təsir alətinə bənzəyir ki, bu da guya rusdilli regionların sıxışdırılmasına dair söhbətlərin meydana gəlməsinə səbəb olacaq”, - deyə R.Tağıyev vurğulayıb.
Onun sözlərinə görə, konkret olaraq milli mənsubiyyətə görə könüllülər batalyonunun yaradılması istəyi Ukraynanın müdafiəsinə durmaq niyyətindən irəli gəlmir, bu, bir piardır.
“Biz millətlərarası münasibətlər barədə danışırıq. Bu, sözsüz ki, Ukrayna cəmiyyətinin assimilyasiyası deyil, inteqrasiyası olmalıdır. Real ruh yüksəkliyinin olması mümkündür, lakin bu məsələni millətlərarası zəminə çevirməyin mənası nədir? Bunu düzgün hesab etmirəm və Ukrayna Millətlər Assambleyasının rəhbəri kimi etnik batalyonların yaradılmasına qarşı çıxış edirəm”, - deyə sədr bildirib.
R.Babayev