Mebel istehsalı ilə məşğul olan "Embawood” MMC Bakı Fond Birjasında (BFB) listinq almış ilk qeyri-maliyyə şirkəti olub.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, cümə axşamı "Embawood” MMC-nin baş direktorunun müavini Tamerlan Kurkiyev və BFB-nin Biznesin inkişafı departamentinin direktoru Abdulla İsayev şirkətin istiqrazlarının listinqi haqqında saziş imzalayıblar.
“Embawood” ikinci səviyyəli listinq alıb.
10 mln. manat məbləğində istiqrazın emissiyasının yerləşdirilməsi avqustun 22-də kütləvi təklif üsulu ilə həyata keçiriləcək. Emissiya bir qiymətli kağızın nominal dəyəri 1 min manat olan 10 min ədəd faizli sənədsiz adlı təmin edilməmiş istiqraza bölünüb. Sövdələşmənin anderrayteri rolunda “PAŞA Capital” MMC çıxış edir.
T.Kurkiyev bildirib ki, istiqrazları buraxmaqda “Embawood” şirkətinin məqsədi əlavə vəsait cəlb edilməsindən çox, şirkətin risklərini, investorların ona maraq səviyyəsini qiymətləndirmək, eləcə də korporativ qiymətli kağızlar bazarında təcrübə əldə etməkdir.
“Çünki biz gələcəkdə bu bazarda fəal işləməyi – həm qiymətli kağızlar buraxmağı, həm də almağı planlaşdırırıq”,- deyə T.Kurkiyev qeyd edib.
Mərasimdə çıxış edən “PAŞA Bank” ASC-nin İnvestisiya bankinqi departamentinin meneceri Fərid Əliyev qeyri-maliyyə şirkətlərinin korporativ qiymətli kağızlar bazarına marağının artdığını qeyd edib.
“Embawood” Azərbaycanda ən iri mebel istehsalçısıdır. Şirkət 7 zavoda sahibdir, onlardan 3-ü Azərbaycanda, 2-si Gürcüstanda, 1-i Ukraynada, 1-i isə Özbəkistanda yerləşir. Bundan başqa, “Embawood” 200-ə yaxın mağazanı əhatə edən pərakəndə ticarət şəbəkəsi vasitəsi ilə 10 ölkədə təmsil olunub.
A.Axundov