Əmlak Məsələləri Dövlət Komitəsi Qarabağ-pambıq” SC-nin səhmlərinin 29,45%-nin satışı üzrə təkrar investisiya müsabiqəsi elan edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə komitədən məlumat verilib.
“Qarabağ-pambıq” SC-nin 453,872 min ədəd səhminin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramında pambığın emalı prosesinin təkmilləşdirilməsinə və satış həcminin artırılmasına, mövcud tikili, qurğu və avadanlıqların təmiri və ya yenilənməsinə, bu məqsədlə qoyulacaq investisiyaların həcmi və müddətinə dair təkliflər nəzərdə tutulmalıdır.
Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 245 min manat köçürməlidir.
Qaliblə səhmlərin alqı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiqləndiyi andan etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra qalib müsabiqə təklifində səhmlərə görə nəzərdə tutulan vəsaiti 60 gün ərzində dövlət büdcəsinə, investisiyaların bəyan edilmiş həcminin 5%-ni isə SC-nin hesabına köçürməlidir.
Müsabiqə üzrə təkliflər 2014-cü il sentyabrın 22-dək qəbul olunacaq. Təkliflər sentyabrın 24-də qiymətləndiriləcək.
Bu müəssisənin səhmlərinin satışı üzrə əvvəlki investisiya müsabiqəsi 2009-cu ilin yanvar ayında elan edilmişdi. Lakin səhmlərin alıcısı olmamışdı.
“Qarabağ-pambıq” SC Bərdə şəhərində yerləşir. Müəssisə 1982-1987-ci illərdə istismara verilib. SC-də 4 nəfər çalışır. 2014-cü il avqustun 1-nə SC-nin öhdəlikləri 6 mln. 869,444 min manat, debitor borcları 317,352 min manat təşkil edir.
2014-cü il avqustun 1-nə olan vəziyyətə görə, müəssisənin nizamnamə kapitalı 3 mln. 82 min 698,2 manata bərabərdir və nominal dəyəri 2 manat olan adi səhmlərə bölünüb.
N.Abbasova