“PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində fiziki şəxslərin peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 35,252 min manat məbləğində birdəfəlik ödəniş həyata keçirib. Bu barədə şirkətin məlumatında deyilir.
““PAŞA Həyat”da sığortalanmış işçi istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində həyatını itirib”, - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, Nazirlər Kabineti 2010-cu ilin noyabrında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərini təsdiqləyib. Nazirlər Kabinetinin qərarına əsasən, iqtisadi fəaliyyətin bütün növləri 14 risk səviyyəsinə ayrılıb. Riskin bu səviyyəsindən irəli gələrək qulluqçular və fəhlələr üçün sığorta tarifinin həcmi müəssisənin risk səviyyəsindən asılı olaraq 0,2%-dən 2%-ə qədər təşkil edir.
Bu sığorta növü üzrə xidmətlərin göstərilməsi ilə yalnız həyat sığortası üzrə ixtisaslaşmış sığortaçılar məşğul ola biləcəklər. Hazırda Azərbaycanda həyat sığortası üzrə ixtisaslaşmış 3 sığorta şirkəti fəaliyyət göstərir.
Qanuna əsasən, sığorta tarifi müəssisədə əmək haqqı fonduna hesablanır.
Qanunda üç növ sığorta ödənişi nəzərdə tutulur: aylıq, birdəfəlik və əlavə.
"PAŞA Həyat Sığorta" şirkəti 2010-cu ildə yaradılıb və 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir.
2014-cü ilin yanvar-iyul ayları ərzində şirkətin sığorta haqları 25 mln. 126,12 min manat, ödənişləri 1 mln. 720,14 min manat təşkil edib.
A.Axundov