Azərbaycan prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəni 65 illik yubileyi münasibəti ilə təbrik edib.
“Sizi - tanınmış din xadimini 65 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram”, - deyə İ.Əliyevin A.Paşazadəyə ünvanladığı təbrik məktubunda deyilir.
Məktubda qeyd olunur ki, A.Paşazadə uzun illərdir Azərbaycan xalqının milli-mədəni və mənəvi-əxlaqi sərvətlərinin qorunub saxlanması istiqamətində fəaliyyət göstərir.
“Sizin iştirakınızla müstəqillik illərində müqəddəs Quranın tərcüməsinin nəşrə hazırlanması xalqımızın dini maariflənməsinə misilsiz ərmağandır”, - deyə prezidentin məktubunda bildirilir.
Dövlət başçısı A.Paşazadənin beynəlxalq fəaliyyətini də yüksək qiymətləndirib.
“Siz islam dünyasında dinə dair sanballı araşdırmalarınızla ilahiyyatçı alim kimi yüksək nüfuza maliksiniz. Beynəlxalq konfranslardakı çıxışlarınız Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına və islam dünyasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəlib”, - deyə prezidentin məktubunda qeyd olunur.
Bundan başqa, İ.Əliyev A.Paşazadənin dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına töhfəsini vurğulayıb.
F.İsazadə