İraq və Suriyada islamçıların tərəfində döyüşlərdə iştirak edən ən azı 15 Avstraliya vətəndaşı həlak olub. Bu barədə çərşənbə günü Avstraliya Təhlükəsizlik və Kəşfiyyat Xidmətinin rəhbəri Devid İrvin məlumat verib.
“Biz hesab edirik ki, bu münaqişələr zamanı 15 avstraliyalı ölüb, onlardan ikisi gənc terrorçu- kamikadzedir”,- deyə D.İrvin jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkədə Yaxın Şərqə silah və pul göndərməklə məşğul olan daha 100 avstraliyalı fəal şəkildə islamçıları dəstəkləyir.
Ümumilikdə 60-a yaxın Avstraliya vətəndaşı İraq və Suriyaya gedərək islamçı döyüşçülərin sıralarına qatılıb.
Ağ Ev daha əvvəl xəbər vermişdi ki, İŞİD döyüşçüləri arasında ABŞ vətəndaşı da olub və o, Suriyada gedən döyüşlərdə öldürülüb.