Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında müsbət rol oynaya bilər. Bu barədə Amerika Konqresinin üzvü Sedrik Riçmond ABŞ Azərbaycanlıları Şəbəkəsi (USAN) diaspor təşkilatının cavab məktubunda bəyan edib.
“Ümid edirəm ki, ABŞ tərəfindən diplomatik səylər qarşılıqlı faydalı ticarətlə bərabər Azərbaycan və Ermənistan arasında münasibətlərdə yardım edəcək”, - deyə konqresmen Nümayəndələr Palatasına bu münaqişəyə dair hər hansı qanun layihəsinin daxil olacağı təqdirdə bu mövqeyi dəstəkləyəcəyinə söz verib.
S.Riçmondun sözlərinə görə, ABŞ dialoq və siyasi əməkdaşlıq yolu ilə sülhün bərqərar olması üçün dünyanın bir çox regionlarındakı tərəfdaşları ilə işləməlidir.
“Ümid edirəm ki, ABŞ bu çoxsaylı münaqişələrdə sülhməramlı və vasitəçi qismində müsbət rol oynaya bilər. Biz dünyanın bütün xalqlarının bütün problemlərini həll edə bilmərik, lakin liderlik nümayiş etdirərək çətinliklərin və qırğının qarşısını bir qədər almağa kömək edən məqsədli yardımı təmin edə bilərik”, - deyə konqresmen vurğulayıb.
F.Hüseynzadə