Azərbaycanın bölgələrində iribuynuzlu mal-qara arasında yayılmış nodulyar dermatit xəstəliyi nəticəsində 11 baş heyvan ölüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.
“İndiyə qədər respublikanın 10 regionunda iribuynuzlu ev heyvanları arasında nodulyar dermatit xəstəliyi yayılıb. Ən ağır vəziyyət Ağdaş, Zərdab və Bərdə rayonlarında müşahidə olunur. Bu vaxt ərzində 11 heyvan tələf olub”,- deyə Y.Xanvəli qeyd edib.
Onun sözlərinə görə, ümumilikdə bu rayonlarda 1,6 min baş heyvanda bu virus qeydə alınıb, onlardan 1,2 min baş heyvan müalicə olunub, 400 baş heyvan isə mütəxəssislərin nəzarəti altındadır.
“Dövlət Baytarlıq Xidməti tərəfindən respublikanın bölgələrində gücləndirilmiş dezinfeksiya tədbirləri həyata keçirilir, xidmətin mütəxəssisləri yerlərə ezam olunublar”,- deyə o bildirib.
Mətbuat katibi məlumat verib ki, bu xəstəlik qansoran həşəratlar, o cümlədən ağcaqanadlar vasitəsi ilə yayılır. Bununla əlaqədar olaraq heyvanların yüksək rütubətli ərazilərdə saxlanılması, həmçinin onların örüşə aparılması tövsiyə olunmur”,- deyə o əlavə edib.
“Fermerlər heyvanların yeminə xüsusi diqqət yetirməli, onların kompleks qidalanmasını təmin etməlidirlər”,- deyə Y.Xanvəli bildirib.
Nodulyar dermatit virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.
A.Zeydullayeva