SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) yanacaqdoldurma məntəqəsi (YDM) şəbəkəsini genişləndirmək niyyətindədir. Bu barədə SOCAR-ın rəsmi saytında deyilir.
“Hazırda Rumıniyanın 11 dairəsində “SOCAR” brendi altında 29 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. YDM şəbəkəsinin genişləndirilməsi üçün yeni yerlər müəyyən edilir”, - deyə məlumatda “SOCAR Romania” şirkətinin (SOCAR-ın Rumıniyadakı törəməsi - İF-Az) rəhbəri Həmzə Kərimova istinadən bildirilir.
H.Kərimovun sözlərinə görə, SOCAR Rumıniyada öz işini bu ölkənin “Nəqliyyat infrastrukturunun inkişafı” Dövlət Proqramına əsaslanaraq qurur.
“Rumıniyanın qlobal enerji təhlükəsizliyi baxımından ilk 10 ölkə arasında yer alması, yaxın illərdə ölkədə investisiya yatırımlarının artımının gözlənilməsi, 2013-cü ildə qeydə alınan müsbət iqtisadi nəticələr SOCAR-ın Rumıniyanın yerli bazarında fəaliyyətinin genişlənməsində həlledici amil rolunu oynayır”, - deyə H.Kərimov qeyd edib.
Xəbər verildiyi kimi, SOCAR 2011-ci ildən Rumıniyada fəaliyyətə başlayıb. İndiyədək şirkət bu ölkədə 29 YDM-dən ibarət şəbəkənin yaradılmasına 50 mln. avro investisiya yatırıb. 2014-cü ildə SOCAR bu ölkədə YDM şəbəkəsinin genişləndirilməsinə 50 mln. avro sərmayə qoyacaq.
N.Abbasova