Serbiyanın Azərbaycandakı səfirliyi 2014-cü il avustun 27-də axşam “Neftçi” Peşəkar Futbol Klubunun (PFK) stadionunda “Partizan” PFK-nın məşqi zamanı baş vermiş insidentə görə təəssüf etdiyini bildirib. Bu barədə Serbiya səfirliyinin məlumatında deyilir.
““Neftçi” klubunun azarkeşləri təhqiredici mahnılar oxumaqla yanaşı, futbol meydançasına şüşə butulka, daş və digər predmetlər atıblar. Məşqlər bitdikdən sonra otelə qayıdan zaman futbolçuları aparan avtobus daşa basılıb və zədələnib”, - deyə səfirliyin məlumatında bildirilir.
Serbiyanın Azərbaycandakı səfirliyi "Partizan" PFK-nın oyunçuları və azarkeşlərinin Bakıdan çıxana qədər təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsini gözləyir: "Biz ümid edirik ki, insident qəsdən təşkil olunmayıb, lakin bildirmək istərdik ki, bu cür daha bir cəhd Serbiya və Azərbaycan arasındakı xoş münasibətləri poza bilər, bu səbəbdən qaydaları pozanların tapılmasını və müvafiq qaydada tədbirlərin görülməsini gözləyirik”, - deyə məlumatda qeyd olunur.
Xəbər verildiyi kimi, ötən həftə “Partizan” və”Neftçi” komandalarının ilk oyunu ərəfəsində Belqradda Heydər Əliyevin abidəsi təhqir edilmişdi.
F.Hüseynzadə