Azərbaycanlı fotoqraf Rəna Əfəndinin işləri Honq-Konq Beynəlxalq foto festivalında (Hong Kong International Photo Festival) təqdim ediləcək. Bu barədə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytında məlumat verilir.
Tədbir avqustun 29-dan noyabrın 3-dək Asiya qadın fotoqrafların iştirakı ilə “Ənənə - anti-ənənə” layihəsi çərçivəsində keçiriləcək.
R.Əfəndi çoxsaylı mükafatların, həmçinin “Fifty Crows” Sənədli Fotoqrafiya Fondu, Şahzadə Klaus Fondu və “Maqnum” Fondunun mükafatlarının sahibidir. 2007-ci ildə Amerikanın “Photo District News” jurnalı R.Əfəndini dünyada 30 ən məşhur fotoqraf siyahısına daxil edib. Onun fotoları Avropa və ABŞ-ən ən yaxşı jurnallarında dərc edilib.
Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ, Böyük Britaniya, Niderland, Livan və digər ölkələrdə fərdi sərgiləri keçirilib. 2014-cü ildə o, dünyanın ən nüfuzlu foto müsabiqəsi olan “World Press Photo” müsabiqəsinin mükafatını alıb.
A.Zeydullayeva