Bakı üçüncü qüvvələrə onun qonşu ölkələrlə münasibətlərinə xələl yetirməyə imkan verməyəcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bəyan edib.
“Azərbaycan üçüncü ölkələr tərəfindən onun qonşularla münasibətlərinə xələl yetirilməsinə imkan verməyəcək”, - deyə o, cümə axşamı brifinqdə Qərb mətbuatının İran üzərində vurulan pilotsuz uçan aparatın guya Azərbaycan ərazisindən havaya qalxmasına dair yaydığı məlumatı şərh edərkən bildirib.
“Bakı qonşu ölkələrlə mehriban münasibətlər qurarkən məhz bu prinsipi rəhbər tutur”, - deyə XİN-in rəsmi nümayəndəsi əlavə edib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi vurulan pilotsuz təyyarəyə aiddiyəti olduğuna dair məlumatı təkzib edərək bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında “Hermes-450” tipli pilotsuz uçan aparat yoxdur.
Bundan başqa, E.Abdullayev ATƏT-in Minsk Qrupunu İraqda “İslam Dövləti” tərəfindən zorakılıq və təqibə məruz qalan yezidi kürdlərin Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz köçürülməsi cəhdlərinə reaksiya verməyə çağırıb.
Onun sözlərinə görə, Ermənistan hökumətinin bu cür addımları danışıqlar prosesinə əngəl törədir.
“Belə cəhdlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinə əngəl törədir. Bundan başqa, bu cür hərəkətlər IV Cenevrə Konvensiyasına da ziddir. Ermənistan tərəfi əvvəllər də buna bənzər addımlar atıb və bu, sonradan Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında əcnəbilərin qanunsuz yerləşdirilməsi faktlarının araşdırılması üzrə ATƏT missiyasının hesabatında öz əksini tapıb”, - deyə E.Abdullayev bəyan edib.
“Beynəlxalq təşkilatlar Ermənistanın yezidi kürdləri işğal olunmuş Dağlıq Qarabağa və ona bitişik ərazilərə qanunsuz köçürmək cəhdləri barədə artıq məlumatlandırılıblar”, - deyə o əlavə edib.
F.İsazadə