Bu gün Goranboy rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi Azərbaycanın ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Mənzillərin təqdim olunması mərasimində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yeni mənzillərlə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edərək bildirib ki, cari ildə bu kateqoriyadan olan şəxslərə 172 mənzil təqdim edilib.
“Cari ilin sonuna kimi Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda isə 4 mərtəbəli 36 mənzilli yaşayış evlərini, yəni ümumilikdə 198 mənzili də istifadəyə verməyi planlaşdırırıq. Bununla yanaşı, dövlət başçısının 20 iyun 2014-cü il tarixli sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək mənzil növbəsinə götürülmüş əlil və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması nəzərdə tutulur”,- deyə nazir qeyd edib.
R.Babayev