Prezident İlham Əliyev cümə axşamı Beyləqanda Gənclər Mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İnşasına 2013-cü ilin mayında başlanılan ikimərtəbəli binada gənclər üçün hərtərəfli şərait yaradılıb.
Dövlət başçısı mərkəzdə rayon gəncləri və ictimaiyyətin nümayəndələri ilə görüşüb.
İ.Əliyev Beyləqanda şahmat məktəbi və Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 80 yerlik uşaq bağçasının açılışında iştirak edib. Uşaq bağçasının inşasına cari ilin yanvarında başlanılıb, iyul ayında başa çatdırılıb.
Bundan başqa, cümə axşamı dövlət başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.
Nəqliyyat naziri Ziya Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib və digər infrastruktur işləri görülüb.
Prezident Beyləqanda əsaslı təmir və yenidənqurmadan sonra 3 min tamaşaçı yerlik Mərkəzi Şəhər Stadionunda yaradılmış şəraitlə də tanış olub.
Bununla yanaşı, dövlət başçısı Beyləqanda Birinci Şahsevən-Əhmədli-Dünyamalılar kəndlərini birləşdirən avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak edib.
Bu yol prezidentin 12 sentyabr 2013-cü il tarixli sərəncamı ilə tikilib. Yolun tikintisinə 2 mln. manat vəsait ayrılıb. 25 nəfərin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun ümumi uzunluğu 39 kilometrdən çoxdur. Hazırda avtomobil yolunun 20 kilometrlik hissəsinin inşası başa çatdırılır.
R.Babayev