Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi üzrə xüsusi işçi qrupunun dünən Moskvada işini başa çatdırmış iclası əsasən IV Xəzər sammitinin yekun sənədlərinin hazırlanmasına həsr olunub. Bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilir.
İclasda Azərbaycan və İranın xarici işlər nazirlərinin müavinləri Xələf Xələfov və İbrahim Rəhimpur, Qazaxıstanın Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət Müəssisəsinin sədri Murad Atacanov iştirak ediblər.
İclas zamanı yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd olunub.
Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək və bu tarix diplomatik kanallarla müəyyənləşdiriləcək.
Ə.Yalçın