SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Çilov” yatağında 112 saylı stasionar dəniz özülünün tikintisini tam başa çatdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Özülün tikintisi “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilib. Özül dənizin 5-6 metr dərinliyində, layihə nöqtəsində quraşdırılıb. Obyektin yaxın vaxtlarda istismara verilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd edilir.
112 saylı stasionar dəniz özülü 10 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Ümumi sahəsi 2520 kvadratmetr təşkil edir.
Obyekt iki hissədən - hər birinin uzunluğu 33 metr olan 2 piyada körpüsü vasitəsilə əlaqələndirilən istehsalat və yaşayış sahələrindən ibarətdir. Ümumi sahəsi 1920 kvadratmetr təşkil edən istehsalat hissəsi 5 dayaq blokundan ibarətdir. Həmçinin burada gəmilərin yanalmasını təmin etmək üçün üç tərəfdə minik və yanalma meydançaları tikilib.
600 kvadratmetrlik yaşayış sahəsi 2 dayaq blokundan ibarətdir. Yaşayış hissəsinın şərq və qərb tərəfində minik meydançaları tikilib. Sahə qəza vaxtı işçilərin evakuasiyasını təşkil etmək üçün 42 yerlik xilasedici qayıqla təmin olunub.
“Çilov” yatağı Xəzər dənizindəki Çilov adasında yerləşir. Yatağın sənaye üsulu ilə işlənməsi SOCAR tərəfindən 1952-ci ildən həyata keçirilir.
N.Abbasova