Bu gün Azərbaycan ailəsinin daha çox müdafiəyə ehtiyacı var. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədr müavini Aynur Sofiyeva Oğuzda “Azərbaycanın regionlarında qadınların ictimai-siyasi fəallığının artırılması” və “Sağlam həyat naminə erkən nikaha yox deyək” layihələrinin ilkin müzakirəsi zamanı çıxışında bəyan edib.
Tədbir Oğuz rayonunda Oğuz, Qəbələ, Şəki rayonlarının icra hakimiyyətlərinin müavinləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rayon şöbələrinin sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.
A.Sofiyeva Qəbələdə N saylı hərbi hissədə zabit və əsgərlərlə görüşüb.
Layihələrin müzakirəsi zamanı o qeyd edib ki, Azərbaycanda ailə siyasəti sahəsində çoxsaylı tədbirlər keçirilir. Qadınlar arasında ictimai-siyasi fəallığının artırılması məsələsi dovlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Onun sözlərinə görə, sirr deyil ki, əhalinin 50%-ni qadınlar təşkil edir və bu tədbir qadın potensialının artmasına təkan verəcək.
“Regionlarda qadınların ictimai-siyasi fəallığı Azərbaycanın inkişafının zəminidir”, - deyə o bəyan edib.
Bundan başqa, A.Sofiyeva qeyd edib ki, bu tədbirin əsas məqsədlərindən biri bu il baş tutacaq bələdiyyə seşkilərində qadınların rolunun aktivliyinin daha da yüksəldilməsidir.
O vurğulayıb ki, erkən nikahlar bu gün ölkə üçün mühüm problemlərdən biridir
Komitənin sədr müavini məlumat verib ki, həmçinin çoxuşaqlı ailələr üçün çoxlu işlər görülür. “Daha səmərəli fəaliyyətin davam etdirilməsi üçün “Azərbaycan ailəsi Strategiyası” yüksək səviyyədə hazırlanmalıdır”, - deyə o söyləyib.
İ.Əhmədov