“Boeing” şirkəti Azərbaycanın “Silk Way Airlines” şirkətinə “747-8 Freighter” tipli 2 yük təyyarəsi tədarük edib. Bu barədə “Boeing” şirkətinin məlumatında deyilir.
“Birinci təyyarə “Silk Way Airlines” aviaşirkətinə ötən həftə, ikinci hava gəmisi isə bu gün təhvil verilib. Hava gəmiləri parkına yeni “747-8 Freighter” tipli təyyarələrin gətirilməsi Azərbaycanın bu yükdaşıma şirkətinin işinin səmərəliliyinin artmasına kömək edəcək”,- deyə məlumatda qeyd edilir.
“Biz hava gəmiləri parkına və təyyarələrə xidmət sahəsinə investisiya qoymaqla uğurlu və mənfəətli yük operatoru olmağa çalışırıq. Bu, bizm regional və beynəlxalq səviyyələrdə bundan sonrakı iştirakımızı genişləndirməyi təmin etməyə imkan verəcək. “Boeing 747-8 Freighter” təyyarələrinin tədarükü bu istiqamətdə atılan düzgün addımdır”, - deyə məlumatda “SW Holding” şirkətinin prezidenti, “Silk Way Airlines” şirkətinin təsisçisi və prezidenti Zaur Axundova istinadən bildirilir.
Xəbər verildiyi kimi, “Boeing” şirkəti 2013-cü ilin iyul ayında “Silk Way” aviaşirkətindən 2 ədəd “Boeing 747-8” tipli yük təyyarəsinin tədarükü ilə bağlı $704 mln. dəyərində sifariş alıb”, - deyə məlumatda qeyd olunur.
“Silk Way Airlines” aviaşirkəti 2001-ci ildə yaradılıb, birinci reys 2001-ci il oktyabrın 6-da yerinə yetirilib. Hazırda şirkət “Boeing 747-400 Freighter” və “767-300 Freighter” tipli yük təyyarələrini istismar edir və MDB məkanında aparıcı yükdaşıma şirkətlərindən biridir. Şirkət Avropa, Böyük Britaniya və Yaxın Şərqə, eləcə də Cənubi Koreya, Çin və Honkonq da daxil olmaqla, Uzaq Şərqə yük daşımaları üzrə kompleks xidmətlər göstərir.
N.Abbasova