Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunda 5 kənd orta məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Şərur Rayon Təhsil Şöbəsindən məlumat verilib.
“Bu ilin yazında rayonun böyük yaşayış məntəqələrindən olan Dizə kəndində orta məktəbin yenidən qurulmasına başlanılıb. Ötən müddət ərzində burada çox iş görülüb. Məktəb binasının fasadı, otaqlar və dam əsaslı təmir edilib, binaya yeni korpus əlavə olunub. 3 mərtəbədən ibarət olan məktəb binasında 12 sinif otağı fəaliyyət göstərəcək. Eyni zamanda burada 2 elektron lövhəli sinif, kompüter otağı, fənn laboratoriyaları, hərbi kabinet və idman zalı yaradılacaq”, - deyə Təhsil Şöbəsindən bildirilib.
Şöbənin nümayəndəsi qeyd edib ki, Axura ucqar dağ kəndində 198 şagird yerlik üçmərtəbəli, Kürkənddə 216 yerlik, Püsyan kəndində 720 yerlik dördmərtəbəli məktəb binalarında da analoji təmir işləri başa çatmaq üzrədir. Diyadin kənd tam orta məktəbinin üçmərtəbəli binasında isə son tamamlanma işləri aparılır.
Şərur rayonunda 54 tam orta, 5 ümumi orta, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Son illər 40-dan çox məktəb binası tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilib. Şərur rayonunda təhsil ocaqlarının maddi-texniki bazası getdikcə gücləndirilir. Məktəblərdə 793 kompüter quraşdırılıb. Bunlardan 563-ü internetə qoşulub. Eyni zamanda şagirdlər 127 elektron lövhəli sinifdən istifadə edirlər. Şərurda təhsilə göstərilən dövlət qayğısı bu sahədə uğurların artmasının başlıca səbəblərindəndir. Təkcə bu il XI sinfi bitirən 725 şagirddən 3-ü qızıl, 2-si isə gümüş medala layiq görülüb. Ali məktəblərə sənəd verən 536 abituriyentdən 302 nəfəri tələbə adını qazanıb. Abituriyentlərdən 45 nəfəri 500-dən, 16 nəfəri isə 600-dən çox bal toplayıb.
Q.Hüseynova