ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanla əlaqədar 27 və 28 avqust tarixlərində verdiyi açıqlamaları əsassız və qəbuledilməzdir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin cümə günü yayılmış bəyanatında deyilir.
“Siyasi mahiyyət daşıyan və Azərbaycanın daxili işlərinə qarışmaq və siyasi təzyiq göstərmək cəhdlərinə xidmət edən bu kimi açıqlamalar heç cür həqiqəti əks etdirmir. Azərbaycanda qanunun aliliyi, fundamental hüquq və azadlıqların qorunması və məhkəmə-hüquq sisteminin müstəqilliyi tam şəkildə təmin olunub”, - deyə E.Abdullayev vurğulayıb.
“Yaxşı olardı ki, digərlərində problemlər axtarmaq əvəzinə, ABŞ öz daxilində insan hüquqları sahəsində mövcud olan çoxsaylı problemlərlə ciddi surətdə məşğul olsun”, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri qeyd edib. Onun fikrincə, Missuri ştatının Ferquson şəhərində baş verən hadisələr bir daha onu göstərdi ki, “insan hüquqlarını xarici siyasət alətinə çevirən ABŞ sərbəst toplaşmaq və ifadə azadlığının təmin edilməsi, etnik və irqi zəmində ayrı-seçkiliyin və hüquq-mühafizə orqanları tərəfindən qeyri-proporsional şiddətin və ifrat zorakılığın tətbiq olunmasının qarşısının alınması istiqamətində fundamental hüquq və azadlıqlar üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etməkdən uzaqdır”.
Y.Əliyev