Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzi (MHM) informasiya texnologiyaları və təhlükəsizliyin təminatı sistemi üzrə “ISO/İEC 27001:2005” beynəlxalq standartın tələblərinə uyğun növbəti sertifikasiya auditindən uğurla keçib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
“Bununla da MHM respublikada informasiya təhlükəsizliyi üzrə bu sertifikatı əldə edən ilk dövlət müəssisəsi oldu”, - deyə nazirlikdən bildirilib.
Sertifikat 19 avqust 2017-ci il tarixinə qədər qüvvədə qalır. Təkrar sertifikatlaşdırma auditinin 24 iyun 2017-ci il tarixinə qədər həyata keçirilməsi nəzərdə tutulur.
Məlumat Hesablama Mərkəzinin sertifikatlaşdırılması Böyük Britaniyanın “UKAS” akkreditasiya mərkəzində akkreditə olunmuş İsveçrənin “SGS” şirkəti tərəfindən yerinə yetirilib. Müstəqil ekspertizalar həyata keçirən şirkət sertifikatlaşdırma sahəsində dünya lideri hesab edilir.
Məlumat Hesablama Mərkəzi 1974-cü ildə yaradılıb. Hazırda MHM telekommunikasiya sahəsində xidmət göstərən şirkətlər arasında aparıcı yerlərdən birini tutur.
N.Abbasova