Erməni xalqının əsl düşmənləri ona həqiqəti deyənlər yox, onu yalanla bəsləyənlərdir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov bəyan edib.
“Bu gün dünyanın bir çox ölkələrində olduğu kimi, erməni məktəbliləri və tələbələri yeni dərs ilinə başlayırlar. Lakin Ermənistan Bilik Gününün öz adını doğrultmadığı ölkədir və burada humanitar elmlər, ilk növbədə tarix təhrif edilmiş şəkildə təqdim olunur”, - deyə o qeyd edib.
F.Axundov bu yaxınlarda ermənilərin tarixi saxtakarlıqlarını ifşa edən və Qandzasarda monastr kompleksinin və Dağlıq Qarabağ və Ermənistan ərazisindəki digər abidələrin Azərbaycan irsinə məxsus olması faktını təsdiq edən akademik İ.Orbelinin “Qandzasar və avotsptuk kitabələri” kitabını aşkar etməsi ilə bağlı hadisəni nümunə gətirib. “Erməni xalqına onilliklər boyu təlqin edilib ki, bu kitab mövcud olmayıb. Hətta mən onu tapıb ictimaiyyətə təqdim edəndən sonra belə Ermənistanda inadla qeyd edirdilər ki, bu, ola bilməz. Xüsusilə “Qolos Armenii” qəzetinin bu barədə nə yazdığına baxın. Belə ki, hələ 13 noyabr 2012-ci ildə qəzet iddia edib: “İlham Əliyev administrasiyasından olan yüksək rütbəli fırıldaqçı F.Axundov İ.Orbelinin “Qandzasar və avotsptuk kitabələri” kitabını tapa bilməzdi, çünki bu kitab heç vaxt mövcud olmayıb”. Lakin bu ilin iyun ayında elmi konftransda Orbelinin kitabı üzrə araşdırmaların ilk nəticələrini təqdim edəndə həmin “Qolos Armenii” qəzeti 2014-cü il iyulun 2-də təsəvvür edin ki, qəzetin versiyasına əsasən, “heç vaxt mövcud olmayan kitab”ı hansı ünvanda tapmağın mümkün olduğuna dair məqalə dərc edib və Ermənistanın elmi ictimaiyyətini “Azərbaycan saxtakarlarına meydan oxumağa” çağırıb. Bu qəzet öz auditoriyasına o qədər hörmət etmir ki, heç bir təkzib vermədən bir-birini inkar edən materiallar dərc edir!”, - deyə sektor müdiri bildirib.
F.Axundovun sözlərinə görə, ermənilər özlərini əzabkeş xalq adlandırırlar və bununla razılaşmamaq mümkün deyil. “Ermənilərin əzablarının əsas səbəbi onlardan bilərək gizlədilən və ya təhrif edilən məlumatları onlara çatdırmağa kömək edən bizim kimi insanlar deyil, tarixi keçmişləri barədə yalanın belə asanlıqla tətbiq edilməsidir”, - deyə o vurğulayıb.
F.Axundov xatırladıb ki, bu məqsədlə o, Orbelinin kitabını axtararaq aşkar edib və bu, region ölkələrinin tarixçi alimləri və ictimaiyyətinə hədiyyə olub, o cümlədən Ermənistanın hazırkı paytaxtı, bir zamanlar Azərbaycan memarlığının şah əsəri olan İrəvan xanlığının əsas şəhərinin erməni hakimiyyəti tərəfindən məhv edilmiş tarixi mərkəzinin təsvirini ermənilərə qaytarmaq üçün rus rəssamı Frans Rubonun “"1827-ci il oktyabrın 1-də İrəvan qalasının təslim edilməsi” şəklini internetdə təqdim edib.
“Beləliklə, mən ermənilərin gözünü bu gün onları əhatə edən hər şeyin keçmişinə açıram. Beləliklə, indi fırıldaqçı və saxtakar kimdir: mən, yoxsa bütün bunları məhv edib və heç vaxt mövcud olmadığını xalqına bəyan edənlər? Görünür, mən erməni xalqına daha çox hörmətlə yanaşıram, nəinki xidməti borcuna görə onların təhsili ilə məşğul olanlar”, - deyə o bildirib.
“Görünür, mən və məsləkdaşlarım gənclərin təhsili ilə məşğul olmalı olacağıq, həm də təkcə ermənilərin deyil. Beləliklə, bununla mənim tarixi araşdırmalarım və erməni saxtakarlıqlarının ifşa edilməsi hələ indi başlayır. Tezliklə yeni böyük ifşalar açıqlanacaq və erməni xalqının tarixinə dair həqiqi biliklər təqdim ediləcək ki, ölkələrində bilik günü öz adını doğrultsun”, - deyə sektor müdiri vurğulayıb.
F.Hüseynzadə