Prezident İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın çıxışından razı qalıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bazar ertəsi prezident Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edərək idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib.
İdmançıları təbrik edən İ.Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.
Prezident idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.
Dövlət başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu deyib.
İ.Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının bizim üçün ciddi məsuliyyət olduğunu qeyd edərək bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlət başçısı söyləyib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. Prezident gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söyləyib.
Y.Əliyev