Tovuzun Muncuqlu, Qaradaşlar və Şamlıq kəndlərində yeni məktəb binaları istifadəyə verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Ermənistanla sərhəd Muncuqlu kənd tam orta məktəbi üçün inşa olunan bina 80 şagird yerlikdir. Doqquz sinif otağından ibarət olan yeni məktəb binasında akt və idman zalı, kompüter otağı, fizika və kimya laboratoriyaları var. Məktəbdə müasir istilik sistemi quraşdırılıb.
Tovuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 80 şagird yerlik daha bir məktəb binasının açılışı digər ucqar dağ kəndi Qaradaşlarda olub.
Həmçinin 220 şagird yerlik Şamlıq kənd tam orta məktəbinin açılışı olub. Burada hər cür şərait yaradılıb.
Papaqçılar, Çeşməli və Qalaboyun kəndlərində daha 3 məktəb sentyabrın 15-də istifadəyə veriləcək.
Son 10 il ərzində Tovuzda 19 yeni məktəb binası tikilib, 6 məktəb binası isə əsaslı təmir edilib.
Tovuz rayonunda 86 məktəb fəaliyyət göstərir.
F.Mehdiyev