Bazar ertəsi Bakıda Azərbaycan və Qazaxıstan arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib. Bu barədə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov, Qazaxıstan tərəfini isə xarici işlər nazirinin müavini Samat Ordabayev təmsil edib.
Azərbaycanın Qazaxıstan ilə bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edən X.Xələfov siyasi, iqtisadi, humanitar və s. sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib.
X.Xələfov bəyan edib ki, rəsmi Bakı Ermənistanın Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına üzvlük prosesi zamanı Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqları məsələlərinə Qazaxıstanın həssaslıqla yanaşmasını yüksək qiymətləndirir. Diplomat qeyd edib ki, Bakı Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdarıdır, lakin Ermənistanın təcavüzkar siyasətindən əl çəkmədiyi, işğal etdiyi Azərbaycan ərazilərini azad etmədiyi təqdirdə ölkəmiz bütün vasitələrlə öz ərazi bütövlüyünü təmin etmək əzmindədir.
S.Ordubayev Azərbaycanla ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın müxtəlif sahələrinə toxunub, münasibətlərin strateji xarakterini qeyd edib. O, Azərbaycan ilə Qazaxıstan arasındakı münasibətlərin daha da inkişafında hər iki ölkə rəhbərlərinin müstəsna rolunu vurğulayıb.
Görüş zamanı regionda baş verən mühüm hadisələr, eləcə də qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev