SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2014-cü ilin yanvar-avqust aylarında dünya bazarlarına 1 mln. 36,365 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 40,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 629,606 min ton dizel yanacağı, 119,715 min ton təyyarə yanacağı, 285,882 min ton vakuum qazoylu, 745 ton avtomobil benzini və 417 ton odluq mazut ixrac edib.
Cari ilin avqust ayında şirkət 192,59 min ton neft məhsulu, o cümlədən 59 ton avtomobil benzini, 101,376 min ton dizel yanacağı, 19,933 min ton təyyarə yanacağı, 70,452 min ton vakuum qazoylu və 239 ton odluq mazut ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu - “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. Onların ümumi emal gücü ildə 22 mln. ton təşkil edir. Hər iki zavod SOCAR-ın strukturuna daxildir.
N.Abbasova