Hazırda Somalidə bir milyondan çox insan aclıq çəkir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məruzəsində belə deyilir.
“Tədricən bərpa edilən normal vəziyyət və 2012-ci ildə aclıq başa çatdıqdan sonra qazanılan uğurlar yağıntıların az olması, Somalidəki münaqişələr, ticarət əlaqələrinin pozulması və humanitar yardımın azalması üzündən itirilib ki, bu da ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olub”, - deyə məruzədə bildirilir.
Somalinin bir çox hissələrində əhali, əsasən də uşaqlar arasında aclıq göstəriciləri artmaqdadır.
“Görünür, bu vəziyyət pisləşməkdə davam edəcək”,- deyə sənəddə qeyd edilir.
Məruzə müəllifləri bildiriblər ki, Somalidə 43 mindən çox uşağı aclıqdan ölmək təhlükəsi gözləyir.
Somalidə aclıqla əlaqədar böhran və ya fövqəladə vəziyyətdə olan insanların sayı bu ilin yanvarından 20% artıb.
2011-ci ildə Afrika buynuzu yarımadasında baş vermiş aclıq nəticəsində 250 mindən çox insan həlak olub.