Azərbaycan Dünya İqtisadi Forumunun (World Economic Forum, WEF) hər il tərtib etdiyi rəqabət qabiliyyətlilik reytinqində mövqeyini yaxşılaşdırıb.
“Global Competitiveness Report 2014-2015” hesabatına əsasən, Azərbaycan 144 ölkə arasında 38-ci yeri tutub. Baxmayaraq ki, ötən reytinqdə respublika 148 ölkə arasında 39-cu yerdə idi.
Hesabata görə, Azərbaycan institutların inkişafı səviyyəsi üzrə 60-cı, infrastrukturun inkişafı üzrə 70-ci, makroiqtisadi sabitlik üzrə 9-cu, səhiyyə və ibtidai təhsil üzrə 104-cü, ali təhsil üzrə 90-cı, maliyyə bazarlarının inkişafı üzrə 89-cu, əmtəə bazarının effektivliyi üzrə 72-ci, əmək bazarının effektivliyi üzrə 33-cü, texnoloji hazırlıq üzrə 56-cı, bazarın həcmi üzrə 72-ci, innovasiyalar üzrə 59-cu, biznesə yardım üzrə 80-ci mövqedə qərarlaşıb.
Hesabatda vurğulanır ki, Azərbaycan inflyasiyanın səviyyəsinə görə 1-ci, ÜDM-in həcminə görə 70-ci yerdədir.
Audit standartlarına uyğunluq reytinqində Azərbaycan 95-ci, minoritar səhmdarların müdafiəsi üzrə 88-ci, investorların müdafiəsi üzrə 22-ci, əqli mülkiyyətin qorunması üzrə 80-ci, mübahisələrin nizamlanması zamanı hüquq sisteminin effektivliyi üzrə 60-cı, şirkətlərin Direktorlar Şurasının effektivliyi üzrə 82-ci, dövlət siyasətinin şəffaflığına görə 48-ci, dövlət xərclərinin israf edilməsi üzrə 52-ci yerdədir.
Bundan başqa, Azərbaycan infrastrukturun keyfiyyətinə görə 47-ci, avtomobil yollarının keyfiyyətinə görə 69-cu, dəmir yolu infrastrukturunun keyfiyyətinə görə 37-ci, hava nəqliyyatı infrastrukturunun keyfiyyətinə görə 44-cü, liman infrastrukturunun keyfiyyətinə görə 63-cü, əhalinin mobil telefonlarla təmin edilməsi səviyyəsinə görə 79-cu mövqedə qərarlaşıb.
Respublika vergiqoymanın effektivliyi reytinqində 82-ci, antiinhisar qanunvericiliyinin effektivliyinə görə 130-cu, biznesin qeydiyyatı üçün prosedurların sayına görə 10-cu, biznesin qeydiyyatı üçün tələb olunan vaxta görə 36-cı yerdədir.
İsveçrə altıncı ildir ölkələrin rəqabət qabiliyyətlilik reytinqinə liderlik edir. Sinqapur ikinci, ABŞ üçüncü mövqedədir. Növbəti yerlərdə Finlandiya, Almaniya, Yaponiya, Honkonq, Niderland, Böyük Britaniya və İsveç qərarlaşıb.
A.Axundov