Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Gəncə şəhəri və Şəki rayonunda daşınmaz əmlakın elektron kadastr məlumat bazasının hazırlanması üçün ölçmə işləri üzrə podratçı seçir.
Tender 3 lot üzrə keçirilir. Hər lotda iştirak haqqı 150 manatdır.
Tenderdə iştirak etmək istəyən şirkətlər təklif dəyərinin 2%-i həcmində bank zəmanəti ilə müşayiət olunan təkliflərini 2014-cü il oktyabrın 17-nə qədər təqdim edə bilərlər. Tender proseduru oktyabrın 20-də baş tutacaq.
Xəbər verildiyi kimi, ƏMDK dövlət daşınmaz əmlakının qeydiyyatı, kadastrı və idarə olunmasının avtomatlaşdırılmış sistemini tətbiq etməyi planlaşdırır. Sistemin vahid məlumat bazası ölkənin bütün ərazisini əhatə edən daşınmaz əmlak obyektləri, o cümlədən torpaq sahələri, bina, tikili, qurğu, yaşayış binaları, mənzillər, kommunikasiya obyektləri və meşə sahələri haqqında zəruri mətn və qrafik məlumatları əks etdirəcək.
Vahid rəqəmsal kadastr məlumat bazasına ƏMDK-nın mülkiyyətində olan 23 mindən artıq daşınmaz əmlak obyekti, o cümlədən torpaq sahələri barədə məlumatlar daxil olacaq.
N.Abbasova