Çərşənbə axşamı Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Hədəf” Mərkəzinin açılış mərasimi keçirilib. Bu barədə DGK-nın məlumatında deyilir.
“Hədəf” Mərkəzi Dövlət Gömrük Komitəsi və BMT İnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Məqsəd hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir”,- deyə məlumatda bildirilir.
Bu Mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanını, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək.
“Mərkəz hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək. Bundan başqa, “Hədəf ” Mərkəzində Azərbaycan Respublikası ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq”,- deyə məlumatda qeyd edilir.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek çıxış edərək Mərkəzin yaradılmasını gömrük işinin asanlaşdırılması və təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb.
Öz növbəsində Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb. Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib.
Tədbir çərçivəsində Dövlət Gömrük Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb.
N.Abbasova