“M.D.M” MMC “Sumqayıt Kimya Sənaye Parkı” MMC ərazisində Gömrük və Dəmir Yolu İdarəsinin tikintisi üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Bu barədə MMC-nin məlumatında deyilir.
“Bu şirkət 2014-cü ilin iyul ayında MMC-nin elan etdiyi kotirovka sorğusunun nəticələri üzrə seçilib. Artıq “M.D.M” ilə müqavilə imzalanıb”, - deyə məlumatda qeyd edilir.
Məlumatda müqavilənin dəyəri və işlərin icra müddəti qeyd olunmur.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
N.Abbasova