Sentyabrın 8-də Lerik rayonunda Uzunömürlülərin Yaradıcılıq Festivalının açılışı olacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Festivalın məhz Lerikdə keçirilməsinin səbəbi onun uzunömürlü insanların yaşadığı rayon kimi məşhur olmasıdır. Burada respublikada yeganə olan "Uzunömürlülər" muzeyi fəaliyyət göstərir. Festival regionun turizm potensialının gücləndirilməsi məqsədilə keçirilir.
Bir sıra janrlar - mahnı və muğam ifaçılığı, aşıq musiqisi, rəqs, sənətkarlıq, təsviri və tətbiqi sənət üzrə keçiriləcək bu festivalda Lənkəran şəhəri, Balakən, İsmayıllı, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Salyan rayonlarından yaşı 70-dən yuxarı olan yaradıcı insanlar iştirak edəcək.
Uzunömürlülərin Yaradıcılıq Festivalı ahıl insanların yaradıcılıq potensialının üzə çıxarılması və stimullaşdırılması məqsədini daşıyır.
A.Zeydullayeva