2014-cü ilin əvvəlindən Azərbaycanda istehsal edilən meyvə, tərəvəz və bostan məhsullarının ixrac edilən hissəsi 7-10% təşkil edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında deyilir.
Nazirlik bir sıra yerli KİV-lərdə Rusiyaya ixracın artması ilə əlaqədar yerli bazarda meyvə və tərəvəzin qiymətlərinin kəskin bahalaşması barədə yayılmış məlumatları təkzib edir.
“Rusiya bazarına ixrac imkanlarının genişlənməsi qiymətlərə daha çox psixoloji təsir kimi çıxış edirdi. Rusiya bazarına məhsul ixracının artırılmasından irəli gələn qiymətlərə psixoloji təsir faktoru avqust ayının 8-9-dan başlasa da, bu faktor avqust ayının 28-29-dan öz təsirini itirməyə başladı”, - deyə məlumatda bildirilir. Həmçinin əlavə olunur ki, artıq avqust ayının sonunda qiymətlərin yeni səviyyəsi formalaşıb.
Məlumata əsasən, avqust ayından başlayaraq Rusiya bazarına ixrac imkanlarının genişlənməsi yerli istehsalçılar üçün əlverişli bazar şərtlərinin yaranmasını şərtləndirən müsbət amil oldu.
“Hələ mövsümün əvvəlində (yay mövsümü - İF-Az) əsas meyvə-tərəvəz məhsullarının daxili bazardakı satış qiymətləri ötən illə müqayisədə kifayət qədər aşağı idi. Məsələn, ötən ilin iyul ayına nisbətən cari ilin iyul ayında kələmin qiyməti 25%, soğanın qiyməti 21%, sarımsağın qiyməti 15%, xiyarın qiyməti 13%, almanın qiyməti 21%, çiyələyin qiyməti 12%, alçanın qiyməti 10% aşağı idi. Bir sözlə, cari mövsümün əvvəlində formalaşmış qiymət şərtləri ötən illə müqayisədə kənd təsərrüfatı istehsalçıları üçün olduqca əlverişsiz vəziyyətdə idi. Deməli, bütün hallarda qiymətlərin həm istehsalçılar, həm də istehlakçılar üçün optimal səviyyədə qərarlaşmasını təmin etmək üçün müvafiq tədbirlərə ehtiyac var idi. Qiymətlərin yeni tarazlıq səviyyəsi isə istehlakçıların mənafeyinə toxunmadı, çünki bu, ötən ilin müvafiq dövrü ilə eyni səviyyədədir”, - deyə məlumatda vurğulanır.
A.Axundov