Naxçıvan Muxtar Respublikasının “Naxtel” simsiz rabitə operatoru Azərbaycanda fəaliyyət coğrafiyasını genişləndirməyi planlaşdırır. Bu barədə çərşənbə günü jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.
“Naxtel şirkəti bu yaxınlarda 4G formatında və LTE tezliyində rabitə xidmətləri göstərmək üçün lisenziya alıb. Bununla yanaşı, şirkət yalnız muxtar respublikada deyil, Azərbaycanın digər rayonlarında da fəaliyyət göstərmək məqsədilə lisenziya almaq üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, yəqin ki, ilkin mərhələdə şirkətə rouminq xidmətlərini təşkil və təqdim etmək imkanı veriləcək.
“Daha sonra biz onun bütün Azərbaycan ərazisində lisenziyalaşdırılması məsələsinə baxacağıq. Əgər tezliklər toqquşmasa (digər operatorlarla - İF-Az), biz şirkətə bu imkanı verəcəyik”, - deyə Ə.Abbasov bildirib.
N.Abbasova