“Maybo” şirkəti "Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi üçün ehtiyat hissələri tədarük edəcək. Bu barədə Satınalmalar üzrə Dövlət Agentliyinin saytında məlumat verilir.
“Azərkosmos ASC “Maybo” telekommunikasiya şirkəti ilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi üçün ehtiyat hissələrinin tədarükü haqqında müqavilə bağlayıb. Müqavilənin dəyəri 49 min 395,6 manat təşkil edir”, - deyə məlumatda bildirilir.
Bundan başqa, “Azərkosmos” ASC “Bestcomp Group” şirkəti ilə kompüter və kompüter avadanlıqlarının alınmasına dair müqavilə bağlayıb. Müqavilənin dəyəri 48 min 882,68 manat təşkil edir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Abbasova