“İslam dövləti” radikal qruplaşması dünya terrorçuluğunun avanqardında “Əl-Qaidə”nin yerini tuta bilər. ABŞ-ın Milli Əks-Terror Mərkəzinin direktoru Metyu Olsen belə hesab edir.
“İslam dövləti” qlobal ekstremist hərəkatında hakim qüvvə kimi “Əl-Qaidə”ni geridə qoyacağı ilə hədələyir”, - deyə Böyük Britaniyanın “The İndependent” qəzeti ona istinadən yazır. Direktorun sözlərinə görə, “İslam dövləti” özünü “qlobal cihad tərəfdaşları hərəkatının yeni lideri” hesab edir və “dünyanın xaotik hissəsində fəaliyyət göstərən və güclənməsinə Suriya və İraq kökumətlərinin zəifliyinin imkan yaratdığı çox təhlükəli təşkilatdır”.
M.Olsen qeyd edib ki, Böyük Britaniyanın ərazisinə bərabər ölçüdə ərazi “İslam dövləti”nin nəzarəti altındadır, 10 min döyüşçü isə onun bayrağı altında vuruşur. Ekspertin sözlərinə görə, neftin satışı və girovların azad edilməsindən alınan vəsait hesabına təşkilatın gündəlik gəliri təxminən $1 mln. təşkil edir.
Lakin M.Olsenin qeyd etdiyi kimi, geniş beynəlxalq koalisiya və “İslam dövləti” probleminə hərtərəfli yanaşma olduğu halda bu qruplaşma üzərində qələbə çalmaq mümkündür.
“Xüsusilə ABŞ-ın hava zərbələri İraq və kürd qüvvələrinin zərbələri ilə birgə “İslam dövləti”nin “əlaqələndirilmiş və effektiv hərbi əməliyyatlara” qarşı zəifliyini nümayiş etdirdi”, - deyə o qeyd edib.