Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) 2017-ci ilə qədər dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı hazırlayır. Bu barədə “Elektron hökumət” portalında (e-gov.az) məlumat verilir.
“Proqram 2014-2016-cı illəri əhatə edir və indiyədək ölkədə “elektron hökumət”in formalaşdırılması istiqamətində aparılmış işlərin davam etdirilməsinə yönəldilib. Hazırda sənəd aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir”,- deyə məlumatda bildirilir.
RYTN-in məlumatına əsasən, Dövlət Proqramı bu sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılması, inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi və mövcud informasiya sistemləri və ehtiyatlarının təkmilləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Bundan başqa, proqramda “elektron hökumət” infrastrukturunun inkişaf etdirilməsi, “elektron hökumət” portalının təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsi, İKT sahəsində kadr potensialının gücləndirilməsi, elektron xidmətlərin portativ (mobil) qurğular üzərindən həyata keçirilməsi (mobil xidmətlər), elektron ödənişin genişləndirilməsi, elektron imzadan istifadənin genişləndirilməsi və mobil imzanın tətbiqi yer alacaq.
N.Abbasova