22-23 oktyabr tarixlərində Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçiriləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, forumun keçirilməsinə dair qərar DSMF-in əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq qəbul olunub.
Bu tədbirin keçirilməsi məsələsi 2-3 sentyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında da müzakirə edilib. Azərbaycanı iclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
“İclas çərçivəsində Rəhbər Komitənin 2014-2016-cı illər üzrə yenilənmiş fəaliyyət planı, o cümlədən “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda 22-23 oktyabr tarixlərində Bakıda keçiriləcək beynəlxalq forum müzakirə edilib”, - deyə məlumatda qeyd olunur.
Bundan başqa, E.Mehdiyev Cenevrəyə səfəri zamanı BSTA-nın prezidenti Erol Struve, baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk və Assosiasiyanın digər rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakıda BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb.
N.Abbasova