“Bank VTB (Azerbaijan)" ASC Bakıda filial şəbəkəsini genişləndirir.
Cümə günü paytaxtın Səbail rayonunda 9-cu filialın açılışı olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri açılış mərasimindən məlumat verir.
Bankın 10-cu satış nöqtəsi olan filial şəhərin ən sıx məskunlaşmış rayonlarından birində - İstiqlaliyyət prospekti, 51 ünvanında yerləşir.
Yeni filialda fiziki və hüquqi şəxslər bütün növ bank xidmətlərindən istifadə edə biləcəklər.
Daha əvvəl “Bank VTB (Azerbaijan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev bildirmişdi ki, bankın həm Bakıda, həm də bölgələrdə filial şəbəkəsinin genişləndirilməsi ilə bağlı böyük planları var.
“Bu il Bakıda 10 satış nöqtəsi açırıq. Yaxın vaxtlarda Sumqayıt və Gəncədə filialların açılışı olacaq”, - deyə Y.Yakovlev qeyd edib.
2009-cu ilin mart ayında Azərbaycan Mərkəzi Bankı “Bank VTB (Azerbaijan)" ASC-yə bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov