Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 187,8 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyinin məlumatında deyilir.
2014-cü ilin əvvəlindən fondun vəsaitləri hesabına 3,658 min sahibkarın layihələri maliyyələşdirilib.
“Bu layihələrin maliyyələşdirilməsi 8 mindən çox yeni iş yerinin yaradılmasına imkan verəcək”, - deyə məlumatda fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən bildirilir.
SKMF cümə günü Şamaxı rayonunun Sabir qəsəbəsində regionlarda sahibkarlığa dövlət dəstəyi mövzusunda tədbir təşkil edib.
İndiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1340 layihənin həyata keçirilməsi üçün SKMF-in xətti ilə 48,5 mln. manat güzəştli kredit verilib.
“Tədbir çərçivəsində 70-ə yaxın sahibkarlıq subyekti ümumilikdə 1 mln. manatdan artıq məbləğdə güzəştli kredit alıb. Layihələrin kreditləşdirilməsi 130-a yaxın yeni iş yerinin açılmasına imkan verəcək”, - deyə məlumatda vurğulanır.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 46 bank və qeyri-bank kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2013-cü ildə fondun xətti ilə sahibkarlara 275 mln. manat məbləğində güzəştli kredit verilib. 2014-cü ildə fond 280 mln. manat məbləğində güzəştli kredit verməyi planlaşdırır.
A.Axundov